“Türkiyədə baş verən faciə hər birimizi sarsıtdı. Cənab Prezidentimizin çağırışdan sonra biz də “Huner Group” olaraq bu yardım kampaniyasına qoşulduq. Türkiəyli qardaşlarımızın yaralarının sağalması üçün əlimizdən gələni edirik. Acılı günlər olsa da, işlərimizi də dayandıra bilmərik. Bu gün “Turan Tovuz”la “Huner Group” arasında sponsorluq müqaviləsinin imzalanması çox sevindirici haldı”.
“Football-plus.az” saytının məlumatına görə, bu sözləri bu gün “Turan Tovuz”la sponsorluq müqaviləsi imzalayan “Huner Group”un təsisçisi və direktoru Ehtiram Quliyev dedi.
O qeyd etdi ki, danışıqlar müddətində bəzi sualları olub:
“İlk növbədə AFFA rəhbərliyinə, Futbolun İnkişafı Fonduna, rayon rəhbərliyinə, şəxsən icra başçısına təşəkkür edirəm. “Turan Tovuz”da çox gözəl şərait yaradılıb. 9 illik fasilədə komanda birinci divizonda çempion olsa da, maliyyə problemlərinə görə premyer-liqaya yüksələ bilməyib. Qismət bu mövsümə imiş. Yaydan Futbolun İnkişaf Fondu ilə danışıq aparırdıq. Tərəddüdlərimiz, suallarımız var idi, həm idarəçilik, həm də şəffaflıq baxımından. Sağ olsunlar ki, hər sualımızı cavabladılar. Bura bu gün yığışmağımızda əsas rol Futbolun İnkişaf Fondunundu. Bu gün iqtisadiyyatımız güclənir, şaxələnir. Amma 1992-ci ildə belə deyildi. Hənin çətin dövrdə komandaya dəstək olan şəxslər – başda Vidadi Əhmədov olmaqla – əsl qəhrəmanlıq göstəriblər. Onların adları “Turan”ın tarixinə qızıl hərflərlə yazılıb, biz bunları heç vaxt unutmayacağıq”.
Ehtiram bəy bildirdi ki, sponsorun gələn kimi klubdan nəticə tələb etməsi düzgün deyil:
“Təkcə əsas komandaya yox, uşaq futboluna da diqqət ayıracağıq. Sponsor gələn kimi nailiyyət əldə olunmur. Bu, gələcəyin işidi. Bu gün yatırım edirik ki, faydasını 5-10 il sonra görə bilək. Futbol nailiyyəti olsa, nə gözəl. Amma uğursuz olsa belə, bu, bizi ruhdan sala bilməz. “Turan Tovuz” hətta birinci diviziona düşsə belə, sponsorluğu davam etdirəcəyik”.
Şirkət rəhbəri qeyd etdi ki, sponsorluq müqaviləsindən sonra “Huner Group”un da “Turan Tovuz”un İdarə Heyətində təmsilçiləri olacaq:
“İdarə Heyətində iki üzvümüz təmsil olunacaq. Bu təklif klubdan gəldi, biz də qəbul etdik. Özümüz də, könlümüz də, ruhumuz da “Turan Tovuz”un yanındadı”.
Ehtiram Quliyev digər iş adamlarına da sponsorluqla bağlı çağırış etdi:
“Sponsorluq məcburi ola bilməz. Amma mən digər bölgələrdən olan iş adamlarına da səslənirəm. Onlar da əllərini daşın altına qoymalıdılar”.
O, sponsorluqla bağlı AFFA-nın da fikrini öyrəndiklərini bildirdi:
“Bu gün burda AFFA-dan heç kim təmsil olunmasa da, onlar bəlkə də gözə görünməyən qəhrəmanlardı. Təbii ki, danışıqlar zamanı onlarla da söhbətimiz oldu, fikirlərini öyrəndik. Bu gün futbolumuzda aparılan işlər bizim üçün də maraqlıdı və buna görə də sponsorluqla bağlı təklifi qəbul etdik. Tovuzlu olmasaydım belə, “Turan Tovuz”a sponsorluq edərdik. Burda “Turan” adı var. Bu təkcə ad deyil, vizyondu. “Turan” adı altında birləşməmək mümkün deyil. Əvvəllər öncəliyimiz Qarabağ idi, cənab Prezidentimizin sayəsində o məsələni həll etdik. İndi öncəliyimiz Turandı”.