Новостные порталы

‘’Hünər Qrup” – un direktoru Ehtiram Quliyev ilə müsahibə

Red.: İlk olaraq müsahibə təklifimizi qəbul etdiyiniz üçün təşəkkür edirik.

E.Q.: Mən də təklif üçün təşəkkürümü bildirirəm.

Red.: Gəlin vətən müharibəsində iştirakınıza, xidmətinizə görə ölkə Prezidenti tərəfindən təltif olunmağınızdan başlayaq. Necə oldu ki, bu təltifə layiq görüldünüz, hansı mərhələlərdən keçdiniz?

E.Q.:Biz, böyük vətən müharibəsi başlayan kimi Müdafiə Nazirliyinə müraciətimizi ünvanladıq. Bizim qrupun tərkibində bir tibb şirkəti var ki, bu tibb şirkətinin həkim heyəti, həm də təcili tibbi yardım avtomobilləri mövcuddur. Beləliklə, nazirliyə 4 ədəd ambulans, 4 sürücü, dörd həkimlə xidmət göstərə biləcəyimizi bildirdik. Çox keçmədən bizə müraciət etdilər , yardımımızın faydalı ola biləcəyini söylədilər. Nə vaxt gələ bilərsiniz sualına isə mən – “Bu gün” cavabını verdikdə təəccüblə qarşılandım, lakin “1 gün belə keçirtmək olmaz” deyə bildirdim – biz artıq hazır idik. Həmin gün elan verdik, kollektiv yığıldı və mən özümü sürücü olaraq qeydiyyata aldırdım. Çünki ixtisasca hüquqşünasam, tibb təhsilim yoxdur amma avtomobil idarə edə bilərdim- sürücülük vəsiqəm buna imkan verirdi… Bundan sonra biz yola düşdük.

Bizi ilk olaraq Gəncə şəhərində hərbi hospitala ezam etdilər. Həmin vaxt Daşkəsən – Murov istiqamətində gələn yaralılarımızın istər Gəncə hospitalına, istər digər hospitallara, ən əsası Bakı şəhərinə evakuasiyası ilə məşğul idik. Bir müddət sonra, ordumuzun naliyyətləri, gözəl xəbərlər gəldikcə əsgərlərimiz irəliləməyə başladı. Məhz bu irəliləmələrin sonunda təcili yardım xidmətinin artıq bir başa cəbhədən verilməsi zərurəti ortaya gəldi, çünki məsafə uzanırdı. Döyüş cəbhəsində xırda bir qanaxma əsgərlərimizin itirilməsinə səbəb ola bilərdi.

Qubadlının tam alınma mərhələsində Qubadlı şəhər səhra hospitalının qurulması əmri gəldi. Hospitaldan bizə dedilər ki, siz mülkidən gəlmisiz, biz sizə əmir verə bilmərik. Mən isə israrla kömək edə biləcəyimizi bildirdim. Özüm və digər yoldaşımla Qubadlı şəhərinə yola düşdük. Döyüş bölgəsi , çətin şərait idi, amma əsgərlərimizə də xidməti göstərilməli idi. Layiqincə xidmətimizi davam etdirdik, daha sonra Şuşa şəhərinin alınması ərəfəsində bizə növbəti göstəriş gəldi. Yenə könüllü bir şəkildə, yenə sevərək, vətənə olan borcumuzu yerinə yetirmək üçün Şuşa şəhərinə yola çıxdıq. Zəfər yolu dediyimiz , əsgərlərimizin əli ilə açmış olduğu 53 km bir hissəsini – Tuğ kəndindən Şuşaya gədər olan yolu iki gün avtomobili idarə edərək keçdik. Şərait çox təhlükəli idi, xeyli sayda düşmən təxribatı, xeyli sayda avtonəqliyyat hadisəsi baş verirdi, lakin ən sonunda Şuşaya çatdıq… Bu şərəfli yol , hər bir azərbaycanlının ürəyindən keçən hislər idi. Özümü çox xoşbəxt hiss edirəm ki, belə bir hissi yaşaya bildim. 

Müzəffər Ali baş komandanımız çox böyük işlər bacarıb, böyük xidmətlər göstərib. Deyərdim ki, O, son 200-300 ildə Azərbaycana gəlmiş ən böyük sərkərdədir. Biz şanslı nəsilik ki, bu qələbəni yaşaya bildik. Vaxt keçdikcə dahilərin önəmi daha yaxşı anlaşılır. İllər keçəcək, Azərbaycan tarixi kitabları cənab Prezidentdən , onun müdrikliyindən, cəsarətindən yazacaq. Bizdə onun getmiş olduğu yolu getməyə çalışırıq – onun əsgərləriyik.

İstər şirkət rəhbəri olsun, istər bir vətəndaş, sosial təbəqəsindən, intellektindən, təhsilindən asılı olmayaraq hər kəs bu vətən üçün öz öhdəsinə düşəni icra etməlidir.

Red.:Bir holdinq sahibi , sahibkar kimi hansı hüquqi problemlərlə qarşılaşmısınız? Hüquqşüas olmağınızın fəaliyətinizdə müsbət təsiri olub mu?

E.Q.:Hüquqşünas olmağım həyatımda çox-çox önəmli yer tutur. Yenə də həyata gəlsəydim, düşünmədən hüquq sahəsin seçərdim, çünki bu gün istər işimdə , istər həyata baxış nöqteyi nəzərindən bu seçimim mənim üçün çox faydalı olub. Ehtiyaclarımızın qarşılanmasında, hüquqi aktlara qiymət verilməsində, vergi düzənlənməsində, kadr siyasətində, insan resursları sahəsində hüquq həmişə köməyimə çatır. Hüququ bilmədən şirkətin idarə olunması elə düşünürəm ki. çox çətin olardı. Hətta işçilərin hüquqlarının kobud şəkildə pozulmasına, dövlət orqanları ilə münasibətdə problemlərə səbəb ola bilərdi.

Hazırda övladım da hüquqşünas olmaq istəyir və mən onu durmadan dəstəkləyirəm, çünki mənim sahib olduğum, ailəmdən sonra ən dəyərli naliyyətim diplomumdur. Bu sırada şirkətimi, digər naliyyətimi isə üçüncü dərəcəyə qoyardım.

Red.: İşə yeni başlayan sahibkarlara və yeni hüquqşünaslara hansı məsləhətləri verərdiniz?

E.Q.: Mən iş fəaliyətimi hüquqünas olaraq başlamışam, bir müddət hüquq sahəsində fəaliyət göstərmişəm. Yeni hüquqşünaslara da məsləhət görərdim ki, işi öz sahələrində axtarsınlar. İş müraciətlərində məhz hüquqşünaslığı prioritet tutsunlar. Gələcək təcrübələrdə o ölçüləri bilmək, başa düşmək olmur, amma illər sonra onun effektivliyini həyatda görəcəklər. Emosional davranmasınlar, biznes emosiyaları sevmir. Və ən əsası ən kiçik çətinlikdə bu sahəni tərk etməsinlər.

Red.: Özünüzdə ən çox sevdiyiniz xüsusiyyətlər hansılardır ? Sizcə, naliyyətlərinizin əsasında hansı bacarıqlar dayanır?

E.Q.: Deyərdim ki, sosial olmaq mənim ən böyük üstünlüyümdür. Sosial biriyəm, hər zaman, tələbəlik vaxtlarından bəri dostlarım daim əhatəmdə olub. Daha çox insanlarla ünsiyyət qurur, dialoqa girir, onları öz tipimdə deyil, olduğu kimi qəbul edirəm. Hər bir insan fərqli təfəkkürə, fərqli bir dünya görüşünə sahibdir. Buna görə də insanları olduğu kimi sevirəm. Ən böyük üstünlüyüm isə düşünürəm ki, kollektivimdə, iş partnyorlarımla dostluq münasibətlərini qura bilməyi bacarmağımdır . Kommunikasiyaya girə bilməyən, içinə qapanıq, fikirlərini ifadə edə bilməyən insanlar daha sonra ciddi çətinliklərlə üzləşirlər, işləmək onlar üçün çox çətin olur.

Red.: Bəs indi bir məqsədiniz var mı? Müəyyən nailiyyət əldə eləmisiniz, müəyyən bir yol gəlmisiniz, bundan sonra nələri planlaşdırırsınız?

E.Q.:Mənim məqsədim beynalxalq bazarlara çıxmaqdır ki, bu çox çətin bir yoldur. Hələ ki, struktur buna hazır deyil, şirkətimiz gəncdir, maddi resurslarımız yetərincə deyil…. Lakin bu bizi qorxutmur. Müsahibəmizin əvvəlində vurğuladığım kimi planlama çox önəmlidir.

Niyə məhz Azərbaycanda? Biz bu naliyyətləri xaricdə də edə bilərik, ölkəmizə valyuta gətirə bilərik ki, bu ölkənin mütəxəssislərinin peşakarlıqlarının artmasında böyük rol oynayar. 

Red.: İndi isə işçi və işə götürən arasındakı münasibətlərdən danışaq. Məlumdur ki, ətrafınızda bir çox işçi var və onlara müəyyən bir yol göstərirsiniz. Bu münasibətlərin qurulması, ünsiyyətin ilkin mərhələsi necə başlayır, və necə davam edir?

E.Q.:Bilirsiniz, burada şirkəti bir gəmiyə bənzədirəm: gəmi yola çıxır və hərənin bir funksiyası var. İstər buradakı kapitanın, istər matrosun – hər birinin öhdəlikləri fəqlənir. Lakin hər kəs eyni məqsəd üçün çalışır. Mənim iş funksiyam başqadır, onların iş funksiyası başqa. Bu tənzimləməni düzgün görə bildikdən sonra nailiyyətin qazanılması qaçınılmazdır. Biz əməkdaşlara izah edirik ki, ola bilər bu gün mən departament rəhbəriyəm, siz mənim tabeçiliyimdəsiz – bu sizin funksiyanızdır. Bu mənim sizdən üstün olduğum anlamına gəlmir. Növbəti gün siz daha yüksək vəzifəyə keçə bilərsiniz, mən isə departament rəhbəri olaraq qalaram, yenə də dəyişən heç nə yoxdur. Məsələn, Hünər Qrupda inşaat sahəsində və digər sahələrdə saatlıq icazə anlayışını ləvğ etmişik. Bizdə saatlıq icazə yoxdur : işiniz mi var, buyurun gedin, hər halda sizin bir işiniz varsa, uşağı bağçaya qoyacaqsınızsa, qohumunuza hədiyyə alacaqsınızsa, bu, sizin işinizdir. Biz sizin işinizi öz işimizdən fərqli görmürik. Günlük icazələrdə də sadəcə məlumat xarakterli tələb qoyuruq, məsələn : “mən sabah işə gələ bilməyəcəm”. Bunları tənzimləyəndən sonra heç bir sui-istifadə halları ilə üzləşmirik, işlər sevərək görülür. Siz xoşbəxt olanda nəticə verimliliyiniz də artır, ona görə də biz bu fəlsəfəni oturtmağa çalışırıq – və çox xoş naliyyətlərimiz var.

Red.:Çox sağolun. Maraqlı müsahibə üçün bir daha təşəkkürlər!

E.Q.: Çox xoş oldu!