İlin əvvəli şirkətin əməkdaşlarının əməkhaqqısı 10 faiz artırıldı. Ötən il isə 20 faizlik artım olmuşdu. Şirkət rəhbərinin bu addımı diqqətə gəlmişdi. Ümumiyyətlə, bu şirkətdə əməkdaşlara yaradılan mühit, onlara yanaşma və s. də zaman-zaman diqqətə gəlir. Söhbət “Huner Group”dan gedir. Şirkətlər qrupunun təsisçisi və direktoru Ehtiram Quliyevlə müsahibəmizin davamı iş mühiti, şirkət rəhbərliyinin işçilərlə münasibəti, onların gəliri və inkişafı barədədir.
– Biz sıfırdan qurulmuş şirkətik, pulu bizə kimsə vermədi. Hər şeyi kollektivimizlə birlikdə çiyin-çiyinə əldə etdik. Rollarımız, funksiyalarımız fərqli idi, amma birgə çalışmışıq. Mən sahibkar kimi görünürdüm, şirkəti idarə edən şəxs idim. Amma burdakı bir mühafizə əməkdaşı, xadimə də öz işini gözəl gördü, çiyin-çiyinə çalışaraq bu şirkəti qurduq. Bu vəsaitləri evdən gətirmədik ki. Əldə etdiyimiz vəsaitləri bu işdən qazandığımıza görə öz iş şəraitimizin rahatlaşması üçün xərclədik. Öz pullarıdır. Belə düşüncə ilə hərəkət etdik, belə də davam edirik.
– “Huner Group” olmamışdan əvvəl belə bir şirkət qurmaq fikriniz olub?
– Mən müsahibədə xoş səslənsin deyə, “bunu hesablayırdım” deyə bilmərəm. Bu qədərini mən də gözləmirdim. Şirkətin bu həcmdə uğurlu layihələrə imza atacağını, belə böyük layihələrin altına girmə cəsarətinin olacağını mən həyatı boyu düşünməmişəm. Xəyal qurmuşam. Hələ də qururam. Beynəlxalq miqyasda 4 qitədə inşaat aparan böyük bir Azərbaycan markası olmağı xəyal edirəm. Amma yaxın tarixdə nəyə nail olacağımızı zaman göstərəcək.
– Ofisdə işçilərin istifadəsi üçün kinozal, karaoke otağı, playstation salonu, qapalı mini futbol və basketbol meydançası, stolüstü tenis və s. yaradılıb. Əməkdaşlar bundan nə qədər istifadə edirlər?
– İlk vaxtlar çox istifadə edirdilər. Artıq öyrəşdilərmi, adiləşdimi, bilmirəm, istifadə azalır.
– Bəlkə iş çoxalır?
– Yox, bizdə iş heç zaman çoxalmır. İş yükümüzün çox olduğunu düşünmürəm. Yüklənərək çalışan işçilər də istəmirəm. Saat 9-dan axşam 5-ə qədər durmadan işləyən işçi profili mənə görə doğru deyil. Hansısa əməkdaşın işinin çoxaldığını görürüksə, yeni ştat əlavə edirik, onun iş yükünü bölürük. Bütün gün işləyən işçi verimli olmur.
– Gündəlik 8 saatlıq iş standartı var. Sizcə, işçi onun neçə saatını işə sərf etsə, bəs edir?
– İşçi gündə 4 saat işləsə, məni tam qane edər. Hər bir işçim gündə 4 saat əmək fəaliyyəti ilə məşğul olsa, mən çox xoşbəxt olaram. Söhbət ofisdəki əməkdaşlardan gedir. Təəssüf ki, bu, şirkətdəki bütün işçilər üçün keçərli deyil. İnşaatda, tibbi yardım işində, işin xüsusiyyəti ona imkan vermir. Hər sektorda tətbiq etmək olmur.
– İşə gəlmək saatı ilə bağlı sizin şirkətdə sərt tələb yoxdur. İşçi özü müəyyənləşdirir. Maraqlıdır, işə saat neçədə gəlirlər?
– İş saatı 9-da başlayır. 8-də də gələn var. Bir gün yaxınlaşıb soruşdum, dedi ki, uşağı tezdən məktəbə aparıb qoyuram, ona görə tez gəlirəm. Əsasən 9-10-da gəlirlər. İşçiyə neçədə rahatdırsa, elə gəlir. Mən eqolarımı tətmin etmək üçün 9-da gəlib 5-də getsin demirəm. Saatlıq icazə yoxdur. Kimin işi varsa, şərait yaradırıq. Bir adam övladını həkimə aparacaqsa, bu, elə şirkətin də işidir. İşçi icazə istəyəndə, bunun hesabatını aparmırıq. Kimlə görüşdü? Niyə görüşdü? Zərurət var idi, ya yox? Hesabatını aparmırıq. O iş saatlarında rəfiqəsi ilə bir saat kofe içmək ehtiyacı hiss edirsə, demək ki, o da bizim işimizdir. Ona məhdudiyyətimiz yoxdur. Amma istismar edən əməkdaşımız da olmayıb. Günlük icazə istəyirsə, məlumat vermə xarakterlidir. Sadəcə bilək ki, sabah filankəs olmayacaq.
– Bu rejim hansısa işin vaxtında görülməməsi ilə müşahidə olunmayıb?
– Yox, hamı öz məsuliyyətini bilir. Bütün əməkdaşlarımız üzərinə düşəni layiqincə yerinə yetirir. Çünki daha xoşbəxtdirlər. O da bilir ki, işini görməlidir ki, rahat vaxtı olsun, rəhbərliyi görəndə, yalandan özünü işləyirmiş kimi göstərməsin. Boş oturub hardasa kofe içəndə, kimsə ona irad tutmayacaq. Yaxud işini bitirib tez harasa gedəndə kimsə bunu problem etməyəcək.
– Maraqlıdır, özünüz saat neçədə işdə olursunuz?
– Gündə 4 saat iş qaydasına özüm də riayət etməyə çalışıram. 11-5 aralığı işdə oluram. Təbii ki işlərdən, görüşlərdən asılıdır.
– Nə qədər əməkdaşınız var?
– 700-ə yaxın əməkdaşımız var. Sahələrdə, inşaatda əməkdaşlarımız çoxdur. Mövsümlük xarakter daşıdığı üçün bəzən 500-lərə düşürük, bəzən 800-900-lərə çıxırıq.
– Azərbaycanda çox adamın işləmək istədiyi şirkət… Bəs siz kimlərlə işləmək istəyirsiniz?
– Bu aralar ən çox qarşılamış olduğum və altında əzildiyim problem iş müraciətləridir. Bizdə hazırda vakansiya yoxdur. Amma müraciət çox olur. Onları qarşılaya bilməmək adamı narahat edir.
İşləmək istədiyim insan ünsürü enerjili, gələcəyə baxan, böyümək, öyrənmək istəyən insanlardır. Xaricdə təhsil, dil biliyi işə qəbulda amildir. Amma sırf buna görə qəbul etmirik. İşə istəyə, enerjiyə baxırıq.
– Vakansiya olmursa, deməli, əməkdaşlarınız sizinlə uzun müddət çalışmağı seçirlər.
– Bizdə işdən tez-tez ayrılma olmur. Daha çox uzunmüddətli çalışırlar. Bilmirəm bu onların xeyrinədir, yoxsa ziyanına. Bəlkə onlar komfort zonadan çıxıb daha fərqli şirkətlərdə təcrübələrini artıraraq daha da inkişaf edə bilərlər. Biz özümüz çox nadir hallarda əməkdaşlarımızın əmək müqaviləsinə xitam veririk. Sahədə işləyən əməkdaşlarımız xaric ki, işləri bitəndən sonra bunu etməli oluruq.
Əməkdaşlarımıza deyirəm ki, xırda bir əməkhaqqı dəyişikliyinə şirkəti tərk etməyin. Onlar onsuz da bunu etmirlər. Amma ciddi bir pozisiya, yaxşı əməkhaqqı dəyişikliyi olarsa, mən istədiyiniz adama zəng vurub sizə görə xahiş edə bilərəm. Baxmayaraq ki üzülürəm, amma realist olmaq lazımdır. Zəng vurub haqqında müsbət rəyimi çatdırdığım bir çox əməkdaşımız olub.
– Şirkətin heyəti 2017-ci ildə yığılıb?
– 20 ilə yaxındır burda işləyən əməkdaşlar var. Şirkətin doğum günü avqust ayındadır. Doğum günü olaraq hüquqi qeydiyyatdan keçməni yox, ilk iki əməkdaşımızın bir-biriylə tanış olma gününü götürmüşük. Hazırda şirkətə daxil olan ilk 3 əməkdaşımız 20 ilin sonunda da bizimlə birlikdə davam edirlər.
– “İşçidən çox işçi var” kimi yanaşanlar da var. Amma yaxşı əməkdaş tapmaqda çətinlik çəkdiyini deyənlər də artıb.
– “İşçidən çox işçi var” kimi yanaşmıram. Çünki bir kadrın yetişdirilməsi, kollektivə uyuşması üçün əmək, zaman sərf edirik. Ən istəmədiyim şey işçinin ayrılmasıdır.
– İşçinin getməməsi üçün nələrə diqqət edirsiniz?
– Deməzdim ki, şirkətimiz aşırı yüksək maaş verir. Az, çox və orta əməkhaqqı deyə qruplaşdırsaq, biz hər zaman orta oluruq. Heç bir zaman böyük əməkhaqqılara iddialı olmamışam. Diqqət etdiyim məsələ bayaqkı səbəblərdir. Düzdür, birinci əməkhaqqıdır. Hamımız evdən əməkhaqqına görə çıxırıq. Mən də buradan əməkhaqqı alıram. İkincisi, sadaladığım sosial təminat, komfort zonasıdır. Sabah əməkdaşın başına nəsə bir iş gələndə şirkətin ona vermiş olduğu reaksiya. Bir əməliyyat olarsa, işçimizin yanındayıq, tapılmayan dərman olarsa, köməkliyimizi göstəririk, qəza, onkoloji ağır xəstəliklər və s. olarsa, kənarda durmuruq. Bir əməkdaşımız var, il yarımdır işə gəlmir, amma maaşını veririk. Sağlamlıq problemini görürük və biganə qala bilmərik. Bunu digər əməkdaşlar da görür və gələcəkdən daha az narahat olurlar. Düşünür ki, ola bilsin ən yüksək əməkhaqqını bu şirkət vermir, amma bura məni işdən çıxarmaz, başıma iş gəlsə, yanımda olar. Bu prinsipləri illər ərzində qoruyub saxlamışıq.
– Bəzən İR mütəxəssisləri, şirkət rəhbərləri deyirlər ki, vakansiyamız var, amma yaxşı kadr tapa bilmirik. Belə problemlə üzləşirsiniz?
– Əslində, ölkəmizdə yetərincə kadr var. Sadəcə biz sahibkarlar idealı istəyirik. Halbuki özümüz də ideal deyilik. Mənim də insan və sahibkar olaraq nöqsanlarım, çatışmazlıqlarım var. Amma işçi qəbul edəndə idealı axtarırıq. İdeal da yoxdur. O zaman məcbur olub bizə müraciət edənlərdən ən idealını seçməyə çalışırıq. Bu nöqteyi nəzərdən baxanda, hə, yoxdur. Amma digər nöqteyi-nəzərdən baxanda, yetərincə, gözəl kadrlarımız var. Problem bizim mental problemimizdir. İşçidən aşırı çox şey gözləyirik. Az əməkhaqqı verim ağzı ilə quş tutsun, gözündən ildırım çaxsın, stressə davamlı olsun, gecəsi gündüzü iş olsun. Belə işçi yoxdur. Ona görə yetərincə gözəl kadrlarımız, insanlarımız var. İşini bilən, işini sevən, milli mentalitet dəyərləri olan bizim cəmiyyətdə formalaşan insanların daha dürüst, daha mərd, daha çalışqan olduğu inancındayam.
– İlin əvvəli maaşları 10 faiz artırdığınızı dediniz, ötən il bu rəqəm 20 faiz idi. Azərbaycanda adətən işçilər tələb edir, ondan sonra şirkət maaş artımına gedir. Niyə özünüz bu addımı atırsınız?
– Həyat şərtləri, dünyada və ölkədə baş verən proseslər aldığımız mal və xidmətlərin qiymətinə təsir edir. Ona görə, maaşı artımına getməliyik. Keçən il 20 faiz artırmışdım. Bu il 10 edə bildim. Çünki yeni layihəm yoxdur. 10 faiz maaş artımını utana-utana etdim. Çünki mal və xidmətlər 10 faizdən çox artıb. Məcburam ki, böyüyüm, sabah maaş artımı lazım olanda, qarşılaya bilim. Razıyam, bəzi şirkətlər buna cavab verə bilmir. Amma mən çalışıram. Çünki əks halda 2-3 aya yaxşı kadrlarımı itirə bilərəm.
– İlin əvvəli siz müəyyən artım edirsiniz. İl ərzində maaş artımı ilə bağlı müraciət edən olurmu?
– Hər zaman olur. Çox normaldır.
– Nəyə əsasən artırırsınız?
– Bəzən iş yükü artır, bəzən məsuliyyət. Bəzən hansısa sektorda bonus və premyaya ehtiyac olur. Amma mənim bir prinsipim var, işçi gəlib maaş artımı istəyirsə, bunu ləngidirəm. Bəzən özüm düşünürəm ki, filan içi var, çox işləyib, gərək maaşını artıraq. Həmin ərəfədə işçi özü müraciət etdi, artırmadım. Yaxın 2 ayda artıracaqdımsa, 6 ay təxirə salıram.
Ancaq istisna hallar var. Məsələn, ola bilər ki, işçi işə qəbul olduğu əməkhaqqısı uzun müddətdir qalıb, biz də artırmağı unutmuşuq. Bu zaman təbii ki artıma mütləq gedirik.
– Niyə işçi istəyəndə artırmırsınız?
– Ondan sonra durmadan mənə müraciət olacaq ki, əməkhaqqımı artır.
– Maaşdan əlavə, əməkdaşların şirkətdən özünü inkişaf üçün mühit gözləntisi də olur. Sizin şirkətdə çalışan əməkdaşların kadr olaraq inkişafı üçün hansı mühit var?
– Əlimizdən gələni etməyə çalışırıq. Əməkdaşlarımız ixtisaslarına uyğun təlimlərə qoşula bilərlər. Biz də tapıb göndərə bilərik, özü də tapıb bizə bildirib gedə bilər. Gəlib deyirsə ki, filan yerdə təlim, simpozium var, iştirak etmək istəyirəm. Maddi xərclərini biz qarşılayırıq. Fikirləşmirik ki, işçi bilik və bacarığını artırıb sabah başqa şirkətə gedəcək, pul yatırmayaq və s. Nəticədə insana qoyulmuş investisiya ən yaxşı investisiyadır. Təbii ki ixtisasına və şirkətin ehtiyaclarına uyğun olanda, qarşılayırıq. Bir mühəndis gəlib çin dili öyrənmək istəsə, düşünəcəm ki, Çində iş görmək istəmirəm, hansısa əməkdaşlığımız yoxdur. Mühəndisliyə aid olsa, təbii ki qarşılayacağıq.
– Şirkət daxilində irəliləmək məsələsi də beynəlxalq aləmdə işçiləri şirkətdə saxlayan məsələdir. Rəhbər vəzifələrə qədər gələn əməkdaşlarınız olurmu?
– Burda ədalətli olduğumuzu deyə bilmərəm. Bizim irəliləmək mövzusunda baxmış olduğumuz məsələ şirkətdə keçirdiyi illərdir. Düz olmadığını bilirəm, bir çox oxucu bunu irad bildirə bilər. Tutaq ki bu şöbədə 3-5 ildir çalışan işçimiz var. 3-5 aydır gəlib daha uğurlu olan biri varsa, onu deyil, köhnə işçini irəli çəkirik. Bu şirkət bir dəyərdir. Zamanını uzun illər burda keçirən insanlara bir vəfa borcum var. Uzun illər mənimlə çiyin-çiyinə duran işçilər yeni gələnlərdən hər zaman bir addım öndədirlər. Amma nəzəriyyə, praktika olaraq səhv olduğunu bilirəm.
– Tanışlıqla işə düzəlmə məsələsinə yanaşmanız yaxşı deyil. Bəs müraciətlər olurmu?
– Hər zaman olur. Mənə ən çətin gələn məsələ iş müraciətləridir. Sevdiyim, qədər verdiyim qohumlar, dostlardan müraciətlər çox olur. Onların məndən maddi bir gözləntiləri olsa, daha rahat olaram. Nəinki özünə, yaxınına iş yeri istəyəndə. Bu, mənim üçün çox ağırdır. Əksər hallarda da cavabım “yox” olur.
– Bu mövzuda uğursuz təcrübəniz olub?
– Yox, mən elə əvvəldən bu prinsiplə işləmişəm. Ailə üzvlərimiz, qohumlarımızdan şirkətdə işləyən var. Amma uğurlu olsa da, mənim heç bir qohumum həmin strukturun başında deyil. Orda da ədalətli deyilik. Əgər uğurludursa, başqa holdinqlərə, şirkətlərə getməyinə yol açmış oluram. Bilirsiniz, şirkətdəki ən passiv işçi belə düşünür ki, mən şirkətə daha çox verirəm, daha az alıram. Mən də əmək fəaliyyəti ilə məşğul olmuşam, mən də elə düşünmüşəm. İndi də işçilərimin o cür düşünməyi çox normaldır. Məhz mənim qohumumun, yaxınımın vəzifə pillələrində sürətlə addımlaması onların aqressiyasını artıracaq. İşə olan inamını, işdən tələbini azaldacaq, motivasiyanı aşağı salacaq. Elə düşünəcəklər ki, bu filankəsin tanışıdır, ona görə sürətli böyüyür. Bu amilləri nəzərə alaraq yaxınlarım uğurlu olsa da, onların departament rəhbəri səviyyəsinə çıxmasına əngəl oluram.
– İndi iş elanlarında 35 yaşa qədər tələbi olur. Şirkətdə əməkdaşların yaşları necədir?
– İşə götürmədə yaş tələbimiz yoxdur. Gənclər inciməsin, mən onlarla işləməkdən zövq alıram, onların yeri ayrıdır. Amma orta yaşı keçmiş insanlar nə istədiyini bilən, daha çox məsuliyyətli olandır. Yaxşı işçi 35 yaşın üzərindədir. Ümumilikdə, yaş tələbi qoymuruq. Aşağı da ola bilər, yuxarı da.
– İş mühitində nəyi sevmirsiniz?
– Tərifi sevmirəm, çox utanıram. Öz adıma da utanıram, onu deyən işçi adına da. Fikirləşirəm ki, deməli, nəyisə düzgün idarə etməmişik, nəyisə formalaşdırmamışıq. Demək, bunlar məni düzgün tanımırlar. “Mən tərif sevmirəm” desəm də, bunu ironiya kimi qəbul ediblər.
Bir də şirkət daxilində əməkdaşların bir-birinə hədiyyə almasını əmrlə qadağan etmişəm. Heç bir əməkdaş digərinə hədiyyə ala bilməz, mən daxil. Çünki sayları çoxdur. Özümdən misal çəkdim. Dedim ki, siz mənə doğum günümdə hədiyyə alırsınız. Madam bir yerdə işləyirik, ədalətdən danışırıqsa, gərək mən də hamıya doğum günündə hədiyyə alım. Çoxsunuz, bu prinsiplə hər gün 2 nəfərə hədiyyə almalıyam. Gərək mağazadan çıxmayım. “Mən müdirəm, siz alın, mən almayım” kimi yanaşa da bilmərəm. Hədiyyə almaq üçün də bir xeyli əmək sərf etmək lazımdır. Bir-birinə hədiyyə almaq töhmətə səbəb olan haldır. İlk vaxtlarda bir az qəribə qarşıladılar, sonra hamısı bundan xoşbəxtdir.
Aygün Asimqızı