Huner Group-un layihələndirdiyi məktəb kompleksi Yasamal rayonu, 20 Yanvar dairəsinin yaxınlığında, Həsən bəy Zərdabi prospektində yerləşir. Ümumilikdə 79,4 sot sahəni əhatə edən ərazinin 25 sotu məktəb kompleksi üçün, geri qalan hissəsi isə həyətyanı sahə üçün nəzərdə tutulub. 6 mərtəbədən ibarət binanın ümumi ərazisi 14 340 m2-dir. Bunun 11 056 m2 hissəsi ümumi məktəb sahəsi, 3 284 m2 hissəsi isə 95-100 avtomobilin dayanması üçün nəzərdə tutulan iki mərtəbəli yeraltı qaraj sahəsinə aiddir. Kompleksin girişində məlumat guşəsi və reseption xidməti yerləşir.

Türkiyə istehsalı partalarla təchiz olunmuş 92 sinif otağı, 8 loboratoriya, mühafizə-nəzarət və tibb otağı yüksək standartlara cavab verən avadanlıqlara sahibdir. Kompleksdə ən müasir texniki avadanlıqlarla təchiz olunan şahmat otağı yerləşir. 43 m2-lik sahəni əhatə edən otaq dünyanın aparıcı oyun alətləri istehsalçısı olan GTV şirkəti tərəfindən istehsal edilmiş və FİDE tərəfindən rəsmiləşdirilmiş şahmatlar, elektron saatlar və xüsusi Smart Desk lövhəsi ilə təchiz edilib.

Binada 2 76 m2 ərazini əhatə edən geniş kitabxana, ümumi sahəsi 499,5 m2 olan və 392 oturacaqdan ibarət konfrans salonu yerləşir. Yüksək keyfiyyətli avadanlıqlarla təchiz olunan salon xüsusi səs və görüntü sisteminə sahibdir. Mükəmməl akustika və səs izolyasiyasına malik salonun divarları və tavanı xüsusi panellərlə tərtib olunub. Salon həmçinin, pultla idarə olunan səhnə pərdəsi, geniş ölçülü motorlu proyektor ekranı, müxtəlif ölçülü səhnə işıqları, səs gücləndirici qurğular, uzunboğaz konfrans mikrafonları və tavan havalandırması üçün yüksək keyfiyyətli kondisionerlərlə təchiz olunub.

Kompleksdə 499 m2-lik idman sahəsinin 430 m2 hissəsi idman zalına, 69 m2 hissəsi isə məşqçi və soyunub-geyinmə otaqlarına ayrılıb. 789 m2-lik ərazini əhatə edən yeməkxananın 202 m2 hissəsi mətbəx sahəsinə, geri qalan ərazi isə oturacaq yerləri və mətbəx daxilindəki sanitar qovşaq sahəsinə ayrılıb. Yeməkxanada həmçinin, mətbəxlə yuxarı mərtəbələri birbaşa əlaqələndirən xüsusi mətbəx lifti də fəaliyyət göstərir.

Binada 3 ədəd yanğın çıxış pilləkəni, bütün mərtəbələrdə avtomatik yanğın xəbərverici qurğular, yanğınsöndürmə balonları və yanğın kranı fəaliyyət göstərir. Binanın bütün nöqtələrini 24 saat izləyən müşahidə kameraları, kamera otağı və xüsusi mühafizə xidməti təhlükəsizliyi ən yüksək səviyyədə qoruyur.